Tallin şəhərindəki Azərbaycan Evində soydaşlarımızla görüş təşkil edilib
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində Tallin şəhərində soydaşlarımızla görüş keçirilib.
Tallin Azərbaycan Evində baş tutan görüşdə Estoniyadakı Azərbaycan icması ilə yanaşı, Latviya, Litva və İspaniya Krallığından bu ölkəyə səfərə gələn soydaşlarımız da iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüş zamanı ADDF-in icraçı direktoru Əkrəm Abdullayev və başqaları çıxış edərək, fondun fəaliyyət istiqamətləri, Vətən müharibəsi dönəmində xaricdə, eləcə də Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində keçirdiyi müxtəlif aksiyalar və layihələr barədə danışıblar.
Tədbir geniş fikir mübadiləsinin aparılması və diaspor fəaliyyətinin gücləndirilməsini nəzərdə tutan ideya və təkliflərin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Tallindəki Azərbaycan Evinin əməkdaşları Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə qardaş ölkənin Estoniyadakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda da iştirak ediblər.