...

Moskvada Vətən müharibəsi şəhidlərinə həsr edilən kitab çap olunub

28.10.2021

Rusiyadakı Azərbaycan diasporunun fəalı, iqtisadiyyat elmləri namizədi Aybəniz Rüstəmovanın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Şəhidlik əbədi zirvədir” kitabının Moskva şəhərində təqdimat mərasimi keçirilib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Rusiyadakı Azərbaycan diasporunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və iki ölkənin ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti, Rusiyanın fəxri vəkili İlqar Hacıyev, Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik, Rusiyanın xalq rəssamı Nikas Safronov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov, rəssam Rauf Məmmədov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, politoloq Ruslan Səfərov və başqaları çıxış ediblər.

Qeyd edilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkə ərazisini düşmən işğalından azad etməklə böyük qəhrəmanlıq göstəriblər. Odur ki, bu tarixi qələbə naminə canından keçmiş şəhidlərdən bəhs edən kitab olduqca qiymətlidir. Müəllifin orijinal xatirə janrında qələmə aldığı kitabda Vətən üçün canından keçməyə hazır olan gənc nəslin Azərbaycanda yetişdiyinin qürurla ifadə olunduğu nəzərə çatdırılıb.

Əməyinə verilən qiymətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirən müəllif deyib ki, hələlik birinci cildi nəşr olunmuş kitabda Qarabağ uğrunda canından keçən 577 şəhid barədə məlumat yerləşdirilib. Kitabın növbəti cildlərində üç minə yaxın şəhidimiz haqqında ətraflı məlumat veriləcək. “Şəhidlərimizə həsr olunan beş cildlik kitab nəşr etməyi planlaşdırırıq. Harada yaşamağımızdan asılı olmayaraq, biz tariximizi, Qarabağ uğrunda şəhid olan soydaşlarımızı unutmamalı, onların adlarını gələcək nəsillər üçün əbədiləşdirməliyik.”, - deyə A.Rüstəmova vurğulayıb.