...

Xarkovda Nizami Gəncəvinin yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

24.10.2021

Ukraynanın Xarkov şəhərindəki Milli Radioelektronika Universitetində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Ukrayna-Türk ortaq mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin, Azərbaycanın Ukraynadakı səfirliyinin və Xarkov Şəhər Şurasının birgə təşəbbüsü ilə baş tutub. Beynəlxalq elmi konfransda alimlər, nizamişünaslar, diplomatlar və yerli KİV-lərin nümayəndələri iştirak ediblər. Xarici ölkələrdə yaşayan bəzi alimlər tədbirə onlayn şəkildə qatılıblar.

Tədbiri giriş sözü ilə “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri Murad Ömərov açıb və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun konfrans iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. O bildirib ki, belə konfransların keçirilməsi Azərbaycan şairinin və Ukraynadakı türk mədəni irsinin araşdırılmasına öz töhfəsini verir.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, tarix elmləri doktorları Svetlana Bilyaeva, Olqa Borisova, Fərhad Turanlı, hüquq elmləri namizədi Aysel Ömərova və digər alimlər çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələrək Ukraynada qüdrətli söz ustadına həsr olunmuş bir sıra tədbirlər keçirilib, Nizami yaradıcılığının öyrənilməsi və tanıdılması istiqamətində xeyli iş görülüb. Xarkov şəhərində dahi mütəfəkkirin abidəsinin ucaldıldığı, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Kiyev şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılması istiqamətində işlərin davam etdirildiyi, şairin yaradıcılığında əski türk düşüncəsinə, dini etiqadlarına, mədəniyyət və fəlsəfəsinə meylin daha çox hiss olunduğu, türk mifoloji, dini-fəlsəfi və milli-mənəvi dünyagörüşünü təbliğ etdiyi nəzərə çatdırılıb.