...

Azərbaycan diasporu Ukrayna Prezidentinin Ofisindəki görüşdə iştirak edib

23.10.2021

Ukrayna Prezidentinin Ofisində ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən diaspor təmsilçiləri və etnik xalqların nümayəndələri ilə toplantı keçirilib.

Tədbir dövlət başçısının Ukrayna müdafiəçilərinin hüquqlarının təmin olunması üzrə səlahiyyətli müşaviri Alyona Verbitskayanın təşkilatçılığı ilə baş tutub.

Toplantıda Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov, “Əfqanıstan İcması” Milli Mədəniyyət Assosiasiyasının prezidenti Sobhan Conat, Dağıstan Ağsaqqallar Şurasının nümayəndəsi Şakir Yəhyaev, Ukraynada Qırğızıstan Birliyinin qurucusu Azamat İsmayılov, "Çeçen xalqının diasporası" Ağsaqqallar Şurasının sədri Həmid Saidumov," "Çeçen xalqının diasporası" İdarə Heyətinin üzvü Aslambek Amaqov, “Ukraynada Belarus Evi”nin üzvü Yuri Makitov və “Ukrayna Yunanlar İttifaqı”nın birinci vitse-prezidenti Mikola Koretski iştirak ediblər.

Tədbir zamanı çıxış edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov bildirib ki, son vaxtlar Ukraynada vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində uğurlu layihələr həyata keçirilir və sözügedən toplantını da həmin innovativ layihələrdən biri hesab etmək olar. Baş katib görüşün keçirilməsinə görə Azərbaycan diasporu adından təşkilatçılara minnətdarlığını bildirib.

Toplantıda iştirak edən rəsmi şəxslər diaspor rəhbərləri tərəfindən qaldırılan məsələlərə çevik reaksiya veriblər. Ukrayna Prezidenti Ofisinin səlahiyyətli nümayəndəsi Alyona Verbitskaya qaldırılan bütün məsələlərin hərtərəfli araşdırılacağını nəzərə çatdırıb.

Görüşün sonunda Prezident Ofisi ilə diaspor nümayəndələri arasında sistemli əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.