Haaqa Sülh Sarayının qarşısında 10 saatlıq “Vətənə dəstək” aksiyası təşkil edilib
Niderland Krallığında yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə Haaqa Sülh Sarayının önündə “Vətənə dəstək” aksiyası keçirilib.
Niderland–Belçika Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Agamirzəyevanın çağırışı ilə gerçəkləşdirilən aksiyada Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və üzvləri, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev və Niderlandda yaşayan soydaşlarımız iştirak ediblər. Səhər saat 08:30-dan başlayan aksiya 10 saat - axşam saat 19:30-a qədər davam edib.
Beynəlxalq Ədalət Məhkəməsinin diqqətinin ölkəmizin haqlı və ədalətli mövqeyinə cəlb etmək istəyən həmvətənlərimiz Azərbaycanın dövlət bayrağını dalğalandırıblar, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan beynəlxalq hüquqa inanır”, “Ermənistanın mina müharibəsi Azərbaycana qarşıdır”, “Ermənistanın təcavüzkarlığını dayandırın!” və sair şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.
Qeyd edək ki, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Azərbaycan dövlətinin Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilir. İddiada Ermənistanın məsuliyyətə cəlb edilməsi, Azərbaycana və xalqımıza vurduğu ziyanı ödəməsi tələb edilir.