...

Yaponiyadakı Azərbaycan diasporu Müstəqilliyin Bərpası Günü ilə əlaqədar bəyanat yayıb

19.10.2021

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyanat yayıb.

Bəyanatda etibarlı və nüfuzlu beynəlxalq tərəfdaş, regional və qlobal əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı kimi tanınan Azərbaycanın XX əsrdə dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi, ötən il Vətən müharibəsində böyük Zəfər qazandığı barədə ətraflı məlumat verilib.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Yaponiya olduğu, rəsmi Tokionun ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verdiyi, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində yapon şirkətlərinin yaxından iştirak etdiyi nəzərə çatdırılıb.

Bəyanat Yaponiya parlamentinə, Xarici İşlər Nazirliyinə, kütləvi informasiya vasitələrinə və qeyri-hökumət təşkilatlarına göndərilib.