Yaponiya izləyicilərinə Azərbaycanın Müstəqilliyinin Bərpası Günündən bəhs edilib
Yaponiyanın tanınmış aparıcısı Kazuyasu İsidanın Youtube kanalındakı “Sərhədləri aşanlar 3.0” proqramında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş xüsusi buraxılış yayımlanıb.
Verilişdə iştirak edən Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, AzərTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin 30 il öncə əldə etdiyi tarixi nailiyyətdən, dövlət müstəqilliyimizin dönməzliyinin təmin olunması məqsədilə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrdən, bu il qalib dövlət və xalq olaraq bu bayramı qeyd etməyimizdən danışıblar. Bildirilib ki, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə uğurla həyata keçirilməsi Azərbaycanı yalnız regionun deyil, həm də dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib. Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərində hazırda aparılan bərpa və quruculuq işlərində dost ölkələrin, o cümlədən Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.
Tamaşaçılara K.İşidanın Tokioda nəşr edilən və Azərbaycanın uğurlarından bəhs edən kitabı barədə də məlumat verilib.
Qısa müddətdə 10 mindən çox baxış toplayan buraxılışı aşağıdakı linkdən izləmək mümkündür: https://youtu.be/5U_xtqkog38