Azərbaycan barədə kitab kolleksiyası Özbəkistan ali məktəbinə hədiyyə olunub
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib.
Qardaş ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, kolleksiyaya dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafına, Azərbaycanın qədim tarixinə, dövlətçiliyinə, zəngin mədəniyyətinə, ədəbiyyatına və Qarabağ mövzusuna həsr olunmuş kitablar daxil edilib. Onların arasında Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən “Qarabağ həqiqətləri” seriyası da yer alıb.
Daşkənddə özbək dilində çap edilən nəşrlərdən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”, İmadəddin Nəsiminin “Cananı sevərkən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər təqdim olunub.