...

Odessa azərbaycanlıları Olimpiya Oyunlarının gümüş medalçısı ilə görüşüblər

12.10.2021

Ukraynanın Odessa vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun “Birlik” təşkilatının təşəbbüsü ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanmış Azərbaycan əsilli ukraynalı güləşçi Pərviz Nəsibovla görüş keçirilib.

Odessa şəhərindəki “Azərbaycan Evi”ndə baş tutan görüşdə vilayətin Yunan-Roma Güləş Federasiyasının prezidenti Ruslan Almanov, Boks Federasiyasının birinci vitse-prezidenti Cavid İsmayılov, Ukrayna Azərbaycanlı Gənclər Radasının (UAGR) sədri Vaqif Nağıyev, UAGR-in Odessa vilayəti üzrə sədri Şamxal Quliyev, iş adamları və diaspor üzvləri iştirak ediblər.

Tədbirdə “Birlik” diaspor təşkilatının icraçı direktoru Tərlan Əliyev və digərləri çıxış edərək, azərbaycanlı gəncin Ukraynanı Olimpiya Oyunlarında uğurla təmsil etməsindən qürur duyduqlarını, onunla “Azərbaycan Evi”ndə görüşməkdən məmnun olduqlarını bildiriblər və soydaşımıza idman karyerasında uğurlar arzulayıblar. Nailiyyətə aparan yol və gələcək planları barədə danışan P.Nəsibov növbəti Olimpiya Oyunlarında həmyerlilərimizin görüşünə qızıl medalla gələcəyinə söz verib.

Sonra idmançının Olimpiya Oyunlarında iştirakına və qələbəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir pəhləvan soydaşımıza xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.