...

Diasporla İş üzrə Dövlət Komitəsində bir qrup diaspor nümayəndəsi ilə görüş keçirilib

08.10.2021

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan bir qrup diaspor nümayəndəsi ilə görüş keçirilib.
Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan görüşü açıq elan komitə sədri diaspor nümayəndələrini Bakıda salamlamaqdan məmnun olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində göstərdikləri fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib, həmvətənlərimizi Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə açılan “Azərbaycan evləri”nin, Koordinasiya şuralarının və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan həftəsonu “Qarabağ məktəbləri”nin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib, yaşadıqları ölkələrin cəmiyyətlərinə fəal inteqrasiya olmağa çağırıb.
Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli KİV-lərlə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Çıxışdan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib, diaspor təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat təqdim edilib, diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxlar nümayiş olunub.