...

Norveçli yazıçı məktəblilərə Nizami Gəncəvinin əsərlərindən danışıb

07.10.2021

Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib.

Həftəsonu məktəbinin müəlllim, şagird və valideynlərinin iştirak etdiyi görüşə onlayn format vasitəsilə Azərbaycandan filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova, şair-pedaqoq Zaur Ustac, Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbinin ibtidai sinif müəllimi İnarə Musayeva və şagirdləri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız qatılıblar.

Tədbirin qonağı qüdrətli söz ustadının əsərlərinin araşdırmaçısı, “Leyli və Məcnun” əsərindəki aforizimlərdən uşaqlar üçün kitab hazırlamış norveçli yazıçı Raqnhil Thori olub. Tədbiri giriş sözü ilə açan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Alıyev şairin irsinin zənginliyindən və yeni nəslin təlim-tərbiyəsində Nizami dəyərlərinin tədrisinin vacibliyindən danışıb.

Azərbaycan xalqının misilsiz ədəbi xəzinə yaratmış Nizami Gəncəvi kimi parlaq şəxsiyyətə malik olmasını böyük xoşbəxtlik adlandıran Raqnhil Thori belə mükəmməl irsi araşdırmağa başladığı üçün çox məmnun olduğunu, bu məqsədlə il ərzində iki dəfə Azərbaycana səfər etdiyini söyləyib. Yazıçı dahi şairin yaradıcılığı ilə ilk tanışlığının Gəncə şəhərində olarkən ona hədiyyə edilən “Leyli və Məcnun” poemasından başladığını və bu əsərdən çox təsirləndiyini nəzərə çatdırıb. Əlavə edib ki, “Leyli və Məcnun” poeması məhəbbət və qadın azadlığı mövzusunda dünyada yazılan ən gözəl əsərlərdən biridir.

Tədbir iştirakçıları Nizami Gəncəvi yaradıcılığının Avropa oxucusuna belə mükəmməl formada təqdim edilməsini milli ədəbiyyatımıza dəyərli töhfə və ədəbi irsimizin dünyada tanıdılması üçün gözəl vasitə kimi qiymətləndiriblər. Görüş məktəblilərin ifasında Nizami yaradıcılığından nümunələrin sələndirilməsi ilə yekunlaşıb.

Tədbirdən sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Norveç Azərbaycanlıları Koordinasiya Şurası dahi şairin əsərlərindən və aforizimlərindən ibarət kitabın Norveç dilində nəşr olunması barədə qərar qəbul edib.