Azərbaycanlı dizaynerin “Haute Couture Sumakh” kolleksiyası dünyanı heyran edib
AFFFAIR markasının təsisçisi, məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Paris dəb həftəsində Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirən “Haute Couture Sumakh” kolleksiyasını təqdim etməsi dünyada böyük rezonans doğurub.
Türkiyə, Fransa, İtaliya, Böyük Britaniya mediasında “Haute Couture Sumakh” kolleksiyası ilə bağlı yayımlanan xəbərlər “Rüfət İsmayılın Paris zəfəri. “Sumax“ın kutyurundan”, “Tanınmış dizayner Rüfət İsmayıl Parisdəki dəb həftəsində”, “Rüfət İsmayıldan Parisdəki Amerikan kilsəsində dəb nümayişi”, “Dünya mediasının marağının böyük olduğu dəb nümayişində Günay Musayeva podiumu silkələdi”, “Azərbaycanın tarixi-mədəni irsinin xalça təsvirlərindən ibarət olan “Sumax” kolleksyası Parisdəki dəb həftəsində dünyaya təqdim edildi”, “Rüfət İsmayılın Parisdəki dəb kolleksiyasına dünya mediasının marağı böyük oldu” və “Parisdə yaşayan dəbsevərlər nümayişi izləmək üçün qapıda növbəyə durdular” başlıqları ilə təqdim olunub.
Türkiyə mediası yazıb ki, Azərbaycan dövlət muzeyində qorunan və nümayiş etdirilən mədəniyyət irsi olan tarixi xalçalardan ilham alan dizaynerin yaratdığı “Sumax” kolleksiyasının nümayişində başda tanınmış model Günay Musayeva olmaqla 21 model podiuma çıxıb. Kolleksiyanın 3 ay ərzində 30 nəfərlik komanda tərəfindən ərsəyə gətirildiyi nəzərə çatdırılıb.
İtaliyanın məşhur https://www.dorothymagazine.it portalı qeyd edib ki, tanınmış dizayner “Haute Couture Sumakh” eksklüziv kolleksiyası ilə Parisi heyrətə gətirib. “Böyük zəhmət tələb edən işin nəticəsi Parisdə öz bəhrəsini verdi və buna istedadlı dizayner Rüfət İsmayıl rəhbərlik etdi. Bu modellər xüsusi olaraq “Sumax” kolleksiyası üçün yaradılmış nadir parçalarda öz əksini tapıb. Bu bənzərsiz parçaların 80%-dən çoxu yarıqiymətli daşlar, iplər, köhnə rokoko texnikaları, qarmaqla sarma üsulları ilə bəzədilmiş əl işlərindən ibarətdir. Hər paltar heyrətamiz sənət əsəridir”, - deyə vurğulanıb.
İtaliya mediası Azərbaycanın qədim tarixə, bənzərsiz mədəniyyət və incəsənət nümunəsinə malik ölkə olduğunu nəzərə çatdırıb: “Məşhur Azərbaycan xalçası bu zəngin irsdə mühüm yer tutur. Azərbaycanın eramızdan əvvəl IV-III minilliklərdə qədim xalçaçılıq mərkəzi idi”.
Qeyd edək ki, Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran dəb həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir. “Haute Couture Sumakh” kolleksiyasının Moskva, Bakı və Nyu-Yorkda nümayişi planlaşdırlır.
“Haute Couture Sumakh” kolleksiyası barədə məlumatları aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.dorothymagazine.it/2021/10/06/il-trionfo-parigino-di-rufat-ismayil-haute-couture-sumakh/