Daşkənddə Azərbaycan mətbəxinə həsr olunmuş təqdimat keçirilib
Özbəkistanda keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kino festivalı çərçivəsində Azərbaycan mətbəxinə həsr olunmuş təqdimat keçirilib.
Təqdimat mərasimində Azərbaycan və Özbəkistanda qastronomiya sahəsinin tanınmış mütəxəssisləri, Özbəkistan Aşpazlar Assosiasiyasının, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri və media mənsubları iştirak ediblər.
Tədbirdə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvü, www.diyar.az internet resursu layihəsinin müəllifi Nigar Əmirbəyova Azərbaycan mətbəxi barədə məlumat verib, bəzi təamlarla bağlı ustad dərsi nümayiş etdirib. Bu zaman Azərbaycanın əsas yeməklərindən olan dolmanın müxtəlif növləri – yarpaq, pomidor, bibər, badımcan dolmalarının hazırlanma prosesi göstərilib.
Tədbir özbək milli plovunun hazırlanması üzrə ustad dərsi ilə davam edib. Azərbaycan və özbək təamlarının oxşar və fərqli xüsusiyyətlərindən danışılıb. İki ölkənin milli yeməkləri iştirakçılara təqdim olunub.
Qonaqlar Nigar Əmirbəyovanın təqdimatını yüksək qiymətləndiriblər. Özbəkistan Aşpazlar Assosiasiyasının rəhbəri Akbar Umarov azərbaycanlı həmkarına özbək mətbəxinə dair kitabı hədiyyə edib.
Təqdimatdan sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub. Konsertdə Özbəkistanın “Özbəyim yoşları” musiqi qrupu, azərbaycanlı aşıq İlham Abdullayev və Azərbaycanın “Eurovision-2017”mahnı müsabiqəsində təmsilçisi Diana Hacıyeva çıxış ediblər.