Azərbaycanlı bodibilderlər Sevilyada qızıl medal qazanıb
İspaniyanın Sevilya şəhərində keçirilən "Arnold Classic" turnirində azərbaycanlı bodibilder Rasim Həsənov qızıl medal qazanıb.
Tanınmış kinoaktyor və bodibilder Arnold Şvartsneggerın himayəsi altında keçirilən nüfuzlu yarışda dünyanın hər yerindən – Qvatemaladan Hindistana, Omandan Salvadora qədər ölkələri əhatə edən “dəmir adam”lar iştirak ediblər. “Muscular Men’s physique” kateqoriyasının mutləq qalibi olan Rasim Həsənov bütün rəqiblərindən güclü olub.
“Arnold Classis” turnirində Rasim Həsənovla yanaşı, milli komandamızın digər üzvü Əliyulla Abbaszadə də qızıl medal qazanıb. Beləliklə, bodibilderlərimiz Sevilyadakı turnirdə Azərbaycan idman tarixinin yeni səhifəsini qızıl hərflərlə yazıblar.
Qeyd edək ki, 2021-ci il Rasim Həsənov üçün uğurla başlayıb. 32 yaşlı atletimiz may ayında İspaniyanın Santa Susanna şəhərində keçirilən bodibildinq üzrə Avropa çempionatının qalibi olub. Hazırda isə noyabr ayında İspaniyanın Santa Susanna şəhərində təşkil olunacaq bodibildinq üzrə dünya çempionatında iştirak etməyə hazırlaşır.