Xaricdəki azərbaycanlılar: “Bütün gücümüzlə Vətənə xidmət edəcəyik”
“Ruhumuz Azərbaycanın yanındadı və hər zaman bütün gücümüzlə Vətənə xidmət etməyə hazırıq!” – ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günü münasibətilə xalqa müraciətində xaricdə yaşayan azərbaycanlıların Vətən sevgisindən danışmasını soydaşlarımız qürur hissi ilə qarşılayıb.
Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin professoru, tanınmış bəstəkar Cavanşir Quliyev: “Mən də savaş zamanı dövlətə, orduya və Ali Baş Komandana tam dəstəyimi imkanlarım daxilində bildirdim. İndi də o fikirdəyəm ki, savaşsonrası siyasəti də Prezident düzgün həyata keçirir. Bu işdə ona uğur arzulayıram!”
Tarix elmlər doktoru, professor, “Kyiv-Mohıla Akademiyası” Milli Universiteti, “Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyası” İctimai təşkilatının sədri Fərhad Turanlı: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabr ayının 27-də milli azadlıq, Vətən müharibəmizin başalandığını elan etdiyi məlumatı böyük qürur hissiylə qarşıladıq. “Dəmir yumruq” hərbi əməliyyatının Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının tamamilə azad edəcəyinə və qələbə ilə nəticələncəyinə heç şübhəmiz olmadı. Ali Baş Komandanımızın bu qərarını ürəkdən alqışladıq və gərəkən fəaliyyətlərimizlə güclü birlik nümayiş etdirdik. Bir il sonra, Onun Anım Günü ilə əlaqədar xalqa müraciətində: “...xaricdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəniylə bir döyünürdü...” fikri təqdirəlayiqdir. Həm də qeyd etmək gərəkir ki, cəsur və igid Azərbaycan əsgərləri haqqında qızıl hərflərlə tarixi əsərlər və dərs kitabları yazılacaqdır. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq”.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, professor Yaşar Musayev: “44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da haqq səsimizi dünyaya çatdırmaq üçün 50 milyon soydaşımızın azərbaycançılıq ideyası ətrafında dəmir yumruq kimi birləşməyimiz vacibdir. Biz Avropa və Almaniyada yaşayan azərbaycanlılar olaraq daim Azərbaycan dövlətçiliyinin maraqlarını dəstəkləyirik. Düşünürəm ki, ölkəmizin bundan sonra da zəfər yürüşünü təmin etmək üçün ölkə daxilində və xaricində milli ideyalar uğrunda həmrəylik göstərməliyik”.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Dnepr şəhərindəki təşkilatının rəhbərləri, tarixçi alim Eldar Tağıyev: “Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətini birmənalı olaraq dəstəkləyirəm. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 30 ildən çoxdur mənfur qonşularımız tərəfindən işğal altında qalmış torpaqlarımızı azad etməklə, biz xaricdə yaşayan azərbaycanlıların da sınmış qürurunu bərpa etdi, başımızı ucaltdı. İndi biz xaricdə istər ermənilərin, istərsə də digər millətlərin nümayəndələri qarşısında alnıaçıq, üzüağ, başıuca gəzə bilirik. 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da Azərbaycana dəstəyimizi göstərəcəyik”.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Girnə Amerikan Universitetinin müəllimi Orxan Həsənoğlu: “Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin bütün çıxışlarında Azərbaycanın xaricində yaşayan soydaşlarımızı xatırlaması, xatırlatması əlbəttə, hər bir azərbaycanlı kimi bizi də sevindirir. Ölkəmizdən uzaqlarda Azərbaycan sevgisi ilə yaşayan soydaşlarımıza cənab Prezidentimizin etibarlı cümlələri və inamı fəaliyyətimizə xüsusi stimul verir. Dünya azərbaycanlıları hiss edir ki, dövlət başçısının nəfəsi bizə yaxındır. Necə ki, biz Azərbaycanla nəfəs alırıq, bizim Prezidentimiz də bizim fəaliyyətimizə qiytmət verir. Bu bizə stimul və ruh yüksəkliyi bəxş edir. Biz xaricdə müxtəlif millətlərin nümayəndələri ilə təmasdayıq. Yaşadığımız cəmiyyətlərdə iş yoldaşlarımız var, qonşularımız var, tələbələrimiz var və.s Ancaq birmənalı şəkildə bildirmək istərdim ki, heç bir xalqın mənsub olduğu dövlət başçısı soydaşlarına İlham Əliyev qədər qayğı göstərmir. Bu bir gerçəkdir. Xaricdə yaşayan azərbaycanlılar olaraq biz öz dövlət başçımızın daim yanındayıq, daim Azərbaycanımıza və xalqımıza bağlıyıq. Cənab Prezidentimizə bizə gösdərdiyi diqqət və qayğıdan dolayı öz minnətdarlığımızı bildiririk”.
Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli: “Prezidentimizin Anım Günü diaspor numayəndələri haqqında dediyi sözlər bizim ücün cox xoşdur. Prezident İlham Əliyev, Ali Baş Komandan bizim Azərbaycan adına gördüyümüz işləri çox yüksək qiymətləndirdi. Bu isə bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Bu gün biz azərbaycanlı olmağımızdan böyük qürur hissi keçiririk”.