Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun büstünün açılışı olub
Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun məzunu olduğu Bakının Nizami rayonundakı 229 saylı məktəbdə büstünün təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparat rəhbəri Tahir Budaqov, Azərbaycandakı rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, MM üzvləri Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Nizami rayon İcra Hakimiyyətinin başçısı İldırım Mehdiyev, 229 saylı məktəbin direktoru Vüsalə Məmmədova çıxış ediblər. Natiqlər tarix boyu multikultural ölkə olan Azərbaycanda milliyyətindən və dini inancından asılı olmayaraq bütün millətlərin bir ailə kimi yaşadığını, Vətənin müdafiəsi uğrunda keşik çəkdiklərini nəzərə çatdırıblar.
Qeyd olunub ki, 229 saylı məktəbin məzunu Y.Kovalyov ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən oğullardan biridir.
Mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun 44 gün davam edən Vətən müharibəsi zamanı erməni işğalçılarını darmadağın etdiyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəhidlərin ailə üzvlərinə və Qarabağ müharibəsi qazilərinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığı qeyd edilib.
Azərbaycandakı rus icmasının Nizami rayonu üzrə sədri Vitali Kovalyov (qardaşı) və Rus Gəncləri Assosiasiyası İdarə Heyətinin üzvü Regina Kovalyova (qızı) ailələri adından Milli Qəhrəmanıın xatirəsinə göstərilən diqqətə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonra büstün qarşısına güllər düzülüb və şagirdlər qəhrəman şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik kompozisiyaları təqdim ediblər. Tədbir iştirakçılarına Y.Kovalyova həsr olunmuş videofilm göstərilib.
Mərasimin sonunda məktəblilərin işlərindən ibarət sərgiyə baxış keçirilib və məktəbin ərazisində şəhidlərin xatirəsinə ağaclar əkilib.
Qeyd edək ki, 26 yaşlı Y.Kovalyov döyüş yoldaşları ilə 1991-ci il oktyabrın 3-də şəhid olub, Göyçay şəhərində küçələrdən biri və 229 saylı məktəb onun adını daşıyır.