...

Stavropol şəhərində Vətən müharibəsi şəhidləri yad edilib

04.10.2021

Rusiya Federasiyasının Stavropol diyarının Stavropol şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirlər keçirilib.

“Odlar yurdu” Azərbaycan Milli-Mədəni Mərkəzinin Stavropol diyar ictimai təşkilatının prezidenti Fəxrəddin Yarıyevin təşəbbüsü ilə baş tutan tədbirdə icma üzvlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edənlər 27 sentyabr tarixini xalqımızın Anım və Qürur Günü adlandırıblar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin apardığı 44 günlük mücadilə sayəsində torpaqlarımızın erməni işğalından azad edilməsi böyük tarixi hadisə kimi dəyərləndirilib. Qədirbilən xalqımızın və dünya azərbaycanlılarının şəhidlərimizlə daim qürur duyacaqları, onların Vətənə göstərdikləri fədakar xidməti unutmayacaqları vurğulanıb.

Tədbir şəhidlərimizin ruhuna duaların oxunması və ehsan verilməsilə başa çatıb.