Paris şəhərində Anım Günü ilə əlaqədar tədbir təşkil edilib
Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Fransada fəaliyyət göstərən diaspor təşkilatları üzvlərinin qatıldıqları tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin torpaqlarımızı Ermənistanın işğalından azad etməsini tarixi zəfər adlandıran Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev bildiriblər ki, ölkəmizdə mövcud olan dövlət-xalq vəhdəti II Qarabağ savaşı zamanı mühüm rol oynayıb. Bu birliyin qorunub saxlanılmasının və daha da möhkəmlənməsinin hər bir azərbaycanlı üçün vətəndaşlıq borcu olduğu vurğulanıb.
Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin Fransa ictimayyətinin diqqətinə çatdırılmasında diaspor üzvlərimizin rolu yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına verdiyi müsahibəni xatırladan diplomatlar azərbaycan icmasının üzvləri arasındakı birlik və həmrəyliyin Fransa kimi ölkədə çox böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.
Tədbir Bakı Media Mərkəzinin Mədəniyyət Nazirliyi ilə birgə hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.