Levkoşa şəhərindəki Beynəlxalq Film Festivalında Anım Günündən bəhs edilib
Şimali Kipr Türk Sinema Televiziya Dərnəyinin təşəbbüsü və Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin dəstəyi ilə “3 ölkə, bir festival” mövzusunda keçirilən Beynəlxalq Film Festivali öz işinə yekun vurub.
Festivalın bağlanış mərasimində Lefkoşa Türk Bələdiyyəsinin sədri Mehmet Harmancı, Kıbrıs-Amerikan Universitetinin rektoru, professor Gökçə Keçəçi, Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxış ediblər.
Qeyd edilib ki, Şimali Kipr Türk Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikası adından təşkil edilən festivala 50-dən çox ölkədən 1600 sənədli və qısametrajlı film daxil olub. Festivala bu qədər yüksək marağın olması dünya kino sektorunun həm də ölkələrimizə böyük marağının olması ilə izah edilib. Levkoşada bu cür festivalın keçirilməsi, sənəti və sənətkarı dəstəkləyən elmi mühitin təşəkkül tapması istiqamətində addımların atılması yüksək qiymətləndirilib, üç qardaş ölkənin bir layihədə birləşməsi sevindirici hal kimi qiymətləndirilib.
Natiqlər festivalın bağlanış mərasiminin sentyabr ayına təsadüf etməsinə diqqəti cəlb edərək, ötən ilin sentyabr ayında Azərbaycanda Vətən müharibəsinin başladığını xatırladıblar. “2020-ci il 27 sentyabr tarixi xalqımız üçün olduqca mühüm hadisələrin başlanğıc nöqtəsidir. Prezident İlham Əliyev dünya ictimaiyyəti qarşısında dəfələrlə 30 ilə yaxın dönəmdə işğal olunmuş torpaqlarımızla bağlı ədalət tələb etsə də, dinc yolla bu problemin həlli nəticəsiz qalmışdır. Odur ki, ötən il Ali Baş Komandanın siyasi iradəsi və əzmi ilə ordumuz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərqərar etmək naminə cavab olaraq Vətən müharibəsinə başladı. 44 gün ərzində Qarabağın erməni işğalından azad edilməsi xalqımızın tarixində böyük əhəmiyyət kəsb edən hadisədir. Biz bu günlərdə Anım Gününü qeyd edirik”, - deyə O.Həsənoğlu bildirib.
Festivalın qalibi “Qoca köçərinin toxumları” (“Goca Yörüğün Tohumları”) sənədli filmi olub. Filmin rejissoru Mehmet Köprüdür. Bağlanış mərasimində izləyicilər filmi maraqla izləyiblər.
Tədbir qalibə və digər iştirakçılara diplomların təqdim olunması ilə başa çatıb.