Ər-Riyad şəhərində şəhidlərimiz yad edilib
Ər-Riyad şəhərində yaşayan həmvətənlərimizin və türk diaspor nümayəndələrinin iştirakı ilə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda yaşayan soydaşlarımız “Zoom” platforması vasitəsilə anım mərasiminə qatılıblar.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Sonra Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müstəqil dövlətimizin tarixinə parlaq və şanlı səhifə yazdığını bildirib, Anım Günü ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir Anım Gününə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi və Oman Sultanlığında yaşayan azərbaycanlı pianoçu Vüsalə Yusifin ifasında bəstəkar Ceyhun Allahverdiyevin “Tac Mahal” baletindən “Vida Adajiosu”nun səsləndirilməsi ilə başa çatıb.