...

Diaspor üzvləri Anım Gününü şəhid ailəsi ilə birlikdə keçiriblər

01.10.2021

Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyilə Abu-Dabidə yaşayan Azərbaycan diasporunun fəal üzvü, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatorlarından olan Nuranə Əsəd və digər həmvətənlərimiz 27 sentyabr – Anım Gününü şəhid Emil Əhmədovun ailə üzvləri ilə birlikdə keçiriblər.

Nuranə Əsəd bildirib ki, Azərbaycan səfirliyinin Abu-Dabi şəhərində və ölkəmizin Baş Konsulluğunun Dubay şəhərində təşkil etdiyi anım mərasimlərindən sonra həmvətənlərimiz Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə 5 medalla təltif olunan tankçı Emil Əhmədovun həyat yoldaşı və övladları ilə birlikdə məscidi ziyarət edib, şəhid ailəsi ilə birlikdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin ruhuna dualar oxuyublar. Sonra isə Əhmədovlar ailəsinə Dubay şəhərinin görməli yerləri üzrə maraqlı gəzinti təşkil edilib.

“Həyatda başqa insanları xoşbəxt etmək əsl səadətdir! Şəhidin övladlarının üzünü güldürmək isə ikiqat xoşbəxtlikdir! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ etsin! Yaşasın Müzəffər Azərbaycan Ordusu!”, - deyə Nuranə xanım təəssüratlarını bölüşüb.