Pyatiqorsk şəhərində Anım Günü ilə əlaqədar tədbir keçirilib
Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbiri keçirilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qədim Qarabağ bölgəsini düşmənlərin tapdağından azad etməsini böyük tarixi hadisə adlandıran tədbir iştirakçıları dövlətimizə və xalqımıza bu qürurlu və şərəfli anları bəxş edən hünər sahiblərinin xalqımızın qəlbində əbədi məskən saldıqlarını vurğulayıblar.
Tədbirin sonunda Pyatiqorsk şəhərindəki diasporun tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında, zəngin mədəniyyətimizin Stavropol diyarında təbliğində fəaliyyətinə görə “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalova ötən il təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub. Tovuz hadisələri və Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin Pyatiqorsk ictimaiyyətinə çatdırılmasında fəallıq göstərdiklərinə görə Araz Məhərrəmov, Cavanşir İsmayılov və Xəqani İskəndərov Diasporla İş üzrə Dövlət Komitəsinin “Təşəkkürnamə”lərinə layiq görülüblər.