...

Bişkek şəhərində Vətən müharibəsi şəhidləri yad edilib

01.10.2021

Qırğızıstanda fəaliyyət göstərən “Azəri” ictimai Birliyinin təşkilatçılığı ilə Bişkek şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

Paytaxtdakı İmam Əli məscidində baş tutan anım mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbiri giriş sözü ilə “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstan Xalqları Məclisinin sədr müavini, respublikanın Əməkdar hüquqşünası Əzizağa Əliyev açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi zamanı parlaq Qələbə qazanmasının bütün türkdilli dövlətlərdə böyük sevinclə qarşılandığını xatırladan diaspor rəhbəri qeyd edib ki, bu qürurlu anı xalqımıza, dünya azərbaycanlılarına və Türk Dünyasına yaşadan şəhidlərimizin xatirəsi, qazilərimizin Vətənə fədakar xidmətləri heç bir zaman unudulmayacaq.

Mərasimdə “Türkel” media qrupunun baş redaktoru Ramiz Məşədihəsənli, ehtiyatda olan milis polkovniki Mehman Əliyev, Qırğızıstan Xalqları Məclisi tərkibində fəaliyyət göstərən ahıskalı türk, tacik, uygur, əfqan icmalarının sədrləri çıxış ediblər. Onlar II Qarabağ müharibəsinin əhəmiyyətindən danışıblar və hər zaman Azərbaycan xalqının haqlı mübarizəsini dəstəklədiklərini bildiriblər.

Sonra “Türkel” media qrupunun prezidenti Hökümə Xəlilova Azərbaycanın Xalq şairi Məmməd Arazın vətənə həsr olunmuş şeirlərindən parçalar söyləyib.

Anım mərasimi şəhidlərimizin ruhuna duaların oxunması və ehsan verilməsi ilə başa çatıb.