Bişkekdə Anım Günü ilə bağlı aksiya-rekviyem keçirilib
Qırğızıstanda fəaliyyət göstərən “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi”nin təşkilatçılığı ilə Bişkek şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya-rekviyem keçirilib.
Azərbaycanın Qırğızıstandakı Səfirliyi qarşısında təşkil edilən tədbirdə ölkəmizin fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, səfirliyin birinci katibi, konsul Mübariz Cəfərov, birliyin sədri Xansıvar Baxşəliyev, din xadimləri, soydaşlarımız, türk icmasının nümayəndələri, “Manas” Qırğız-Türk Universitetinin müəllim heyəti iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Bir il əvvəl qırğız xalqının Azərbaycana göstərdiyi dəstəkdən, minlərlə qırğız ziyalısının müraciətindən danışılıb. 30-cu illərdə Orta Asiyaya, o cümlədən Qırğızıstana sürgün olunmuş soydaşlarımızın indiki nəslinin informasiya savaşında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdirdıqları vurğulanıb.
Tədbir yerli mediada işıqlandırılıb.