...

Dövlət Komitəsinin əməkdaşları Vladiqafqaz şəhərində səfərdə olub

30.09.2021

Rusiya Federasiyasının Şimali Osetiya–Alaniya Respublikasına səfər edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Vladiqafqaz şəhərində Azərbaycan icmasının üzvləri ilə bir sıra görüş keçiriblər.

Şimali Osetiya–Alaniya Respublikası Azərbaycanlıları Konqresinin ofisində baş tutan görüşdə təşkilatın fəxri prezidenti Şahin Məmmədov, sədri Murtaza Gülməmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Aydın Mahmudov, Kamal Müvəffəqi, “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun sədri Eldar İsmayılov və icma üzvləri iştirak ediblər. Görüş zamanı diaspor quruculuğu sahəsində, pandemiya məhdudiyyətləri, Tovuz hadisələri və Vətən müharibəsi dövründə göstərdikləri səmərəli fəaliyyətə görə icma üzvlərinə minnətdarlıq bildirilib. Qalib xalqın diasporunun yeni mərhələdəki fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan diasporunun tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsində, Rusiya Federasiyasında Qarabağ həqiqətlərinin yayılmasında göstərdikləri xidmətlərə görə konqresin fəxri prezidenti Şahin Məmmədova ötən il təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalı, konqresin sədri Murtaza Gülməmmədova isə Diasporla İş üzrə Dövlət Komitəsinin “Təşəkkürnamə”si təqdim olunub.

Görüşdən sonra azərbaycanlı milyonçu və xeyriyyəçi Murtuza Muxtarovun adını daşıyan məscid ziyarət edilib.

Qeyd edək ki, 1908-ci ildə M.Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binası Prezident İlham Əliyevin şəxsi yardımı sayəsində yenidən bərpa olunub. M.Muxtarov məscidinin bərpadan sonra açılış mərasimi 26 yanvar 2019-ci il tarixində baş tutub.