Solt Leyk şəhərinin 15 müxtəlif ərazisində eyni anda anım guşələri yaradılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Yuta ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü Əsmər Hüseynovanın təşkilatçılığı ilə Solt Leyk şəhərinin 15 ərazisində 27 sentyabr – Anım Gününə həsr edilmiş anım guşələri yaradılıb.
Guşələr insanların sıx toplaşdığı ərazilərdə - Kapitol, təbiət-tarix muzeyi, Memorial, Dövlət Kollecinin binaları qarşısında, “Gateway” meydanında, Ticarət Mərkəzində, park ərazisində təşkil edilib. Burada Ermənistan dövlətinin işğalçı siyasəti barədə məlumat çatdırmaq məqsədilə Xocalı soyqırımının ssenarisi ilə Gəncə, Bərdə Tərtər və digər rayon və şəhərlərin atəşə tutulması nəticəsində həyatını itirən mülki vətəndaşlarımızın və uşaqların fotoşəkilləri nümayiş etdirilib. Guşələrin önündə güllər düzülüb və şamlar yandırılıb.
İnsanların gur toplaşdığı yerlərdə, həmçinin avtobus və metro dayanacaqlarına, maşınların üzərinə, ticarət mərkəzinə 27 sentyabr hadisələrindən bəhs edən məlumat vərəqələri yerləşdirib.