Aktau şəhərində Vətən müharibəsi şəhidləri yad edilib
Qazaxıstanın Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Etnomədəni Birliyinin və Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Türkiyənin Aktaudakı baş konsulu Müzəffər Akyıldırım, İranın baş konsulu Habibolla Malakuti Far, Özbəkistanın bu şəhərdəki Baş konsulluğunun nümayəndəsi, 150-dən çox azərbaycanlı iş adamı, soydaşlarımız və yerli ziyalılar iştirak ediblər.
Anım mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərin əziz xatirəsinin ehtiramla yad edilməsilə başlayıb. Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətini oxuyub.
Sonra çıxış edən “Dostluq” Azərbaycan Etnomədəni Birlıyinin sədri Şəmsəddin Hüseynov 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə parlaq Qələbənin qazanılmasından danışıb. Qeyd edib ki, əzəli Azərbaycan torpaqlarını işğaldan təkbaşına azad etməklə Azərbaycan həm öz gücünü bütün dünyaya göstərdi, həm də ədalətə söykənərək beynəlxalq hüququ bərqərar etdi. Bildirib ki, şəhidlərimizin Vətənə göstərdikləri böyük xidmət heç zaman unudulmayacaq, xalqımız və dünya azərbaycanlıları onların xatirəsini əbədi yaşadacaqlar.
Türkiyənin baş konsulu Müzəffər Akyıldırım çıxışında türk xalqının, eləcə də Baş konsulluğun adından şəhidlərimizə rəhmət diləyib, Azərbaycanın Zəfərinin Türk dünyasının uğuru olduğunu söyləyib. İranın baş konsulu Habibolla Malakuti Far ölkəsinin hökumətinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb və “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.
Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə yekunlaşıb.