Yaponiyadakı soydaşlarımız Ermənistanın ədalət məhkəməsinə cəlb olunmasını tələb edir
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.
Bəyanatda ermənilərin əzəli Azərbaycan torpaqlarını ələ keçirmək iddiasının tarixi, ötən il 27 sentyabrda başlayan və 44 gün davam edən müharibənin ölkəmizin parlaq qələbəsi ilə başa çatması, Ermənistanın hərbi cinayətlərə yol verməsi qeyd edilib. “Azərbaycan diasporunun nümayəndələri olaraq beynəlxalq ictimaiyyətin müharibə cinayətkarlarının ədalət məhkəməsinə cəlb edilməsində həlledici rol oynayacağına inanaraq, Ermənistanın azərbaycanlılara qarşı törətdikləri qəddar hücumları qınayır və beynəlxalq ictimaiyyətdən beynəlxalq hüququ pozan günahkarların cəzalandırılması üçün lazımi addımlar atmasını tələb edirik”, - deyə vurğulanıb.
Bəyanatın sonunda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi beynəlxalq ictimaiyyəti Azərbaycan torpaqlarında ədaləti bərpa etməyə, xalqımızın haqq işində ona dəstək olmağa dəvət edib.
Bəyanat yerli KİV-lərdə və sosial media şəbəkələrində yayılıb.