...

Oslodakı Azərbaycan dili məktəbində Anım Gününə həsr olunmuş fotosərgi təşkil edilib

29.09.2021

Oslo şəhərində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbinin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı fotosərgi təşkil edilib.

Sərgidə istedadlı gənc fotoqraf Rüstəm Fərman İsmayılovun Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən və Zəfər Günündən çəkdiyi fotoları, məktəb şagirdlərinin hazırladıqları Azərbaycan və Türkiyənin dövlət bayraqları nümayiş etdirilib.

Tədbir zamanı şagirdlər Vətənimizə həsr olunmuş şeirlər səsləndiriblər. Məktəbin fəal şagirdi Şanay Şəkari xatirə lövhəsi üzərinə “Xarıbülbül çiçəyi”nin şəklini şəkib. Digər şagird və valideynlər də onun vətənimizə sevgisindən qaynaqlanan təşəbbüsünə qoşulublar. Xatirə lövhəsində 44 günlük Vətən müharibəsi ilə bağlı hiss və təəssüratlar yazılıb, rəsmlər çəkilib.

Tədbirin sonunda sərgi iştirakçılarına “Xarıbülbül” nişanı hədiyyə edilib.

Sərgi çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdən bəhs edən kitablar da təqdim olunub.