...

Yunanıstan mediasında Şuşa şəhərinin azad edilməsindən yazılıb

28.09.2021

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə bu ölkənin https://www.karfitsa.gr xəbər saytında Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş məqalə yayımlanıb.

Jurnalist Fuad Hüseynzadənin qələmə aldığı məqalədə bildirilib ki, 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan xalqı öz adını dünya tarixinə yazıb. Qeyd edilib ki, işğaldan azad edilən şəhərlərdən biri olan Şuşa hər bir azərbaycanlı üçün qürur mənbəyidir. “Vətən övladlarının qanı burada töküldüyü üçün bu şəhər müqəddəs yerdir. Sanki qəhrəman şəhidlərin ruhu bu şəhəri müqəddəsləşdirib. Aydındır ki, bu səbəbdən Şuşa ziyarəti müqəddəs bir yeri ziyarət etmək deməkdir”, - deyə müəllif vurğulayıb.

Azərbaycanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin vətəni olan Şuşada həyatın yenidən canlandığı, Heydər Əliyev Fondunun burada tez-tez mədəni tədbirlər keçirdiyi, bu qədim şəhərə səfərlərin tez-tez təşkil edildiyi nəzərə çatdırılıb. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şusanın tarixi simasının bərpası istiqamətində işlər aparılır. Və bundan sonra Şuşa müasir Azərbaycan turizminin dünyaya açılan qapısı olacaq”, - deyə əlavə edilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/qala-sousa-azerbaitzan/