...

İordaniya mediasında Anım Günündən bəhs edilib

28.09.2021

İordaniyada yaşayan gənc həmyerlimiz, Azərbaycan Diaspor Gənclər şəbəkəsinin üzvü Samia Xamisin yerli www.nayrouz.com xəbər saytında 27 sentyabr – Anım Gününə həsr olunmuş məqaləsi dərc olunub.

Məqalədə ötən il Ermənistanın hərbi təxribatı səbəbindən 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi barədə ətraflı məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun uğurlu əməliyyatlar keçirdiyi, 30 ilə yaxın müddət ərzində Ermənistan işğalı altında olan torpaqlarımızı azad etdiyi nəzərə çatdırılıb. Beynəlxalq hüquq normalarını kobudcasına pozaraq işğalçı siyasət yürüdən Ermənistanın ağır məğlubiyyətə uğradıqdan sonra kapitulyasiya aktına imza atmağa məcbur olduğu qeyd edilib. Məqalədə həmçinin vurğulanıb ki, müharibədə qəhrəmancasına həlak olmuş əsgər və zabitlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.