Kanadada Anım Gününə həsr olunmuş tədbir keçirilib
Toronto şəhər təhsil müəssisəsinin xarici dillər bölməsinin Azərbaycan dili – Ana dili sinfinin növbəti dərsinin mövzusu 27 sentyabr – Anım Gününə həsr olunub.
Dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sinif rəhbəri Yeganə Cəfərova şagirdlərə Vətən müharibəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, qəhrəman və yenilməz ordumuzun qələbə əzmi nəticəsində tarixi torpaqlarımız Ermənistanın işğalından azad edilib. “Şəhidlər ölməzdir, onlar daim bizim qəlbimizdə yaşayacaqlar. Allah şəhidlərimizə rəhmət etsin!”, - deyə sinif rəhbəri bildirib.
Sonra şəhidlərimizin xatirələrini əks etdirən video-çarx nümayiş olunub, şagirdlər şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər, "Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu!" mövzusunda inşa yazılarını təqdim ediblər.