...

Monreal şəhərində Anım Günü qeyd edilib

27.09.2021

Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

“Angrignon” parkında baş tutan mərasim zamanı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət bayrağı dalğalandırılıb.

Monrealda yaşayan soydaşlarımızın iştirak etdiyi tədbirdə Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev, diaspor üzvləri Aylin Abbasi, Kəmalə Əliyeva və Əli Şərəfli çıxış ediblər. Çıxışlar zamanı xalqımızın və dünya azərbaycanlılarının Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduğu, şəhadətləri ilə tarix yazan şəhidlərimizin, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqlarının heç vaxt unudulmayacağı vurğulanıb.