Rotterdam şəhərində Vətən müharibəsi şəhidləri yad edilib
Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərindəki qərargahında 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan tədbirdə BAK üzvləri, türk və uyğur icmalarının nümayəndələri iştirak ediblər.
Qarabağın işğal tarixinə, ermənilərin təcavüzkar siyasətinə nəzər salan çıxışçılar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun II Qarabağ savaşında göstərdiyi şücaətlə fəxr etdiklərini, bütün dünyaya xalqımızın gücünü göstərdiyini bildiriblər. Qarabağı erməni işğalından azad etməklə xalqımızı, dünya azərbaycanlılarını və Türk Dünyasını qürurlandıran Vətən övladlarının xatirəsinin heç zaman unudulmayacağı, Anım Gününün də bu məqsədə xidmət etdiyi vurğulanıb.