İstanbulda Vətən müharibəsi şəhidləri anılıb
Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü və təşkilatçılığı, Sarıyer Bələdiyyəsinin dəstəyi ilə İstanbul şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.
Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında baş tutan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. İstanbulda müalicə alan Vətən müharibəsi qazilərinin də iştirak etdiyi tədbirdə TADEF-in sədri Ədalət Turan, ölkəmizin İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə və digərləri çıxış ediblər. Onlar Qarabağ savaşının tarixi haqqında qısa məlumat veriblər, işğaldan azad olunmuş rayonlarımızın adlarını və azadlığa çıxdıqları tarixləri bir daha xatırladıblar. Anım Gününün Qürur Günü kimi qeyd edildiyi, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli qərarları, Ordunun cəsarəti və xalqın birliyi nəticəsində əldə olunduğu vurğulanıb, Türkiyə-Azərbaycan qardaşlığının dünya durduqca davam edəcəyinə əminlik ifadə edilib.
Sonra ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş Vaqif Poeziya günlərində iştirak etmiş Azərbaycan Yazıçılar Birliyinin üzvü Günel Şamilqızı “Müjdə” şeirini səsləndirib.
Tədbir Azərbaycanın Dövlət Bayrağının rənglərini özündə əks etdirən şarların havaya buraxılması ilə yekunlaşıb.