Diaspor üzvlərimiz Odessadakı yeni məscidin tikintisinə töhfə veriblər
Ukraynanın Odessa şəhərində yeni kafedral məscidin tikintisinin bünövrəsinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.
Tədbirdə Odessa Regional Dövlət İdarəsinin rəisi Sergey Qrinevski, Odessanın meri Gennadi Truxanov, Ukrayna Müsəlmanları Dini İdarəsinin lideri Əhməd Tamim, bu qurumun Odessadakı nümayəndəsi İlyas Umarov, şəhərin müsəlman icmasının başçısı Kərim İlyasov, dövlət orqanlarının, diplomatik korpusun təmsilçiləri, Odessa azərbaycanlılarının “Birlik” diaspor təşkilatının üzvləri iştirak ediblər.
Tədbirdə İlyas Umarov, Kərim İlyasov, “Birlik” təşkilatının rəhbəri Rövşən Quliyev və başqaları çıxış ediblər. Onlar əvvəllər müsəlman icmasının ibadət evinin yerləşdiyi məkanda yeni məscidin tikilməsini yüksək qiymətləndiriblər və tədbir iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik ediblər. Qeyd edilib ki, bu addım təkcə Odessa müsəlmanları üçün deyil, çoxmillətli və multikultural dövlət olan Ukrayna üçün tarixi hadisədir. Azərbaycan diaspor üzvlərinin məscidin tikintisində fəal iştirak etdikləri, “Birlik” sədrinin müavini Telman Abasovun tikinti komitəsinin rəhbərlərindən biri olduğu xüsusilə vurğulanıb. Bu müqəddəs işə verdikləri töhfəyə görə “Birlik” diaspor təşkilatına minnətdarlıq bildirilib.
Sonra tikintinin bünövrəsinə gələcək nəsillərə "sizə qoyub getdiklərimizi qorumaq və artırmaq" xahişinin əks olunduğu "Zaman Kapsulu" qoyulub.
Qeyd edək ki, Odessa şəhərindəki müsəlman icması Ukraynanın ən çoxsaylı müsəlman icmalarından biri hesab olunur.