...

Dövlət Komitəsinin əməkdaşları Qroznı şəhərinə səfər ediblər

24.09.2021

Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı şəhərində səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları yerli hakimiyyət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər.

Bədən Tərbiyəsi, İdman və Gənclər Siyasəti Nazirliyində, “Daymoxk” Xeyriyyə Fondunda baş tutan görüşlərdə nazir müavini İsa İbrahimov, fondun baş direktoru Hamzat Zakriyev, DİDK əməkdaşları Aydın Mahmudov və Kamal Müvəffəqi, “Dədə Qorqud” Milli Fondunun rəhbəri Eldar İsmayılov və başqaları iştirak ediblər.

Danışıqlar zamanı II Qarabağ savaşı dönəmində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın öz ərazisində əməliyyatlar apardığı fikrini xatırladan nazir müavini İ.İbrahimov qazandığı parlaq qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib, çeçen xalqının bu xoş xəbərə ürəkdən sevindiyini nəzərə çatdırıb. Pandemiya məhdudiyyətləri dönəmində Çeçenistanda yaşayan Azərbaycan vətəndaşlarına göstərilən diqqət, qayğı və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun minnətdarlığı və xoş arzuları nazir müavininin və “Daymoxk” Xeyriyyə Fondunun rəhbərliyinin diqqətinə çatdırılıb. Bu dəstək xalqlarımız arasında qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirilib. Tərəflər Azərbaycan və Çeçenistan arasında qardaşlıq, dostluq münasibətlərinin tarixi köklərindən danışaraq, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşlər zamanı Dövlət Komitəsinin təşəkkürnamələri İsa İbrahimova, Hamzat Zakriyevə və Çeçenistanda yaşayan Azərbaycan əsilli Yekaterina Muradovaya təqdim olunub.

Səfər Cecenistan rəsmilərinin və Azərbaycan nümayəndə heyətinin dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin Qroznı şəhərindəki abidəsini ziyarət etməsi ilə başa çatıb.