Norveç qəzetində azərbaycanlı modelyerin Antalyadakı uğurundan bəhs edilib
Norveçin “Utrop” qəzetində bu ölkədə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri, modelyer Şervin Nəcəfpurun müsahibəsi dərc olunub.
Qəzet yazıb ki, Osloda dünyaya gələn soydaşımız Antalyada keçirilmiş “Fashion Week Digital-2021” dəb həftəsində “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiyası ilə Türkiyəni heyran edib.
Azərbaycanın tarixi Zəfərinə həsr etdiyi kolleksiya barədə geniş məlumat verən modelyer dəb dünyasına gəlişi, Norveçin moda sənayesi, gənc dizaynerlərin qarşılaşdıqları çətinliklər barədə danışıb. “Geyimlərimə sənət kimi baxıram. Onlar mənim siyasi çıxışımdır. Sözlə ifadə olunmayan hər zaman sənətin gücü ilə deyilə bilər”, - deyə əlavə edib.
Üçüncü dəfə Antalyada keçirilən dəb həftəsinə qatıldığını vurğulayan modelyer qeyd edib ki, builki kolleksiyasında işğaldan azad olunmuş Qarabağın və şəhidlərin rəmzinə çevrilmiş ”Xari Bülbül” çiçəyindən, qədim türk mədəniyyətinin mühüm elementlərindən və minimalist Skandinaviya üslubundan istifadə edib. “Pandemiyanın yaratdığı ciddi əngəllərə baxmayaraq, gənc modelyer öz qəlbinin səsini dinləməyi qərara alıb və onun üçün böyük əhəmiyyət kəsb edən kolleksiyanı hazırlayıb. O, kolleksiyasının dəstəklənməsinə görə Azərbaycan Diasporuna Dəstək Fonduna və Türkiyənin Döşəməaltı Bələdiyyəsinə çox minnətdardır”, - deyə nəşr vurğulayıb.
Müsahibəni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: