Bursa şəhərində Milli Qəhrəman Şirin Mirzəyevin adına park açılıb
Türkiyənin Bursa şəhərinin Karacabəy Kurşunlu məhəlləsində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adını daşıyan parkın təntənəli açılış mərasimi keçirilib.
“Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin təşəbbüsü və Bursa Karacabəy bələdiyyəsinin dəstəyi ilə yaradılan parkın açılış mərasimində Milli Qəhrəmanın ailə üzvləri, bələdiyyənin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Mehtər Qrupunun qəhrəmanlıq mahnılarını ifa etməsi, Azərbaycanın vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə başlayan tədbirdə Karacabəy bələdiyyəsinin sədri Əli Özkan, Şirin Mirzəyevin xanımı Flora Qasımova, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin sədri Hüseyn Vəliyev çıxış ediblər. Onlar Azərbaycanın Qarabağ uğrunda mücadiləsindən, 44 günlük Vətən Müharibəsi zamanı qazandığı parlaq Qələbədən, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olmasından danışıblar. Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovun və Şirin Mirzəyevin adını daşıyan parkların açılmasını Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi adlandırıblar. Azərbaycanın digər qəhrəmanlarının da adına parkların salınması prosesinin davam edəcəyi nəzərə çatdırılıb.
Şirin Mirzəyevin xanımı Flora Qasımova və Hüseyn Vəliyev Milli Qəhrəmanın adının Türkiyədə əbədiləşdirilməsinə görə Karacabəy bələdiyyəsinə xüsusi minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Əli Özkan Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin iki ölkəyə həsr etdiyi şeirini, Hüseyn Vəliyev şəhidlərimizə həsr etdiyi şeirlərini oxuyublar.
Milli Qəhrəmanın ailəsi adından Şuşa şəhərindəki Natəvan bulağının şəkli Karacabəy Bələdiyyəsinə, Azərbaycanın qələbəsini əks etdirən xatirə hədiyyələri Bursa Böyükşəhər Bələdiyyəsinə təqdim edilib.
Tədbir “Zəfər marşı”nın səsləndirilməsi ilə başa çatıb.