“Müharibə nəticəsində yaranan fiziki və zehni yaraların müalicəsinə yeni yanaşma yolu” mövzusunda elmi araşdırma təqdim edilib
Bir qrup xanım alimin “Müharibə nəticəsində yaranan fiziki və zehni yaraların müalicəsinə yeni yanaşma yolu” mövzusunda elmi-tədqiqat işi beynəlxalq konfranslara təqdim edilib.
Fərqanə şəhərindəki Tibb Universitetində baş tutmuş elmi konfransa, 29–30 sentyabr 2021-ci il tarixində Roma şəhərində “Kök Hüceyrələr, Toxuma Mühəndisliyi və Regenerativ Tibb” (“The international conference on Stem cell, tissue engineering & Regenerative medicine”) mövzusunda keçiriləcək beynəlxalq konfransa və “Karabağ Uluslararası Kongresi”nə təqdim olunmuş tədqiqat işinin həmmüəllifləri Azərbaycan Tibb Universitetinin biokimya kafedrasının dosenti, Dr.Mahirə Əmirova, “ALİM” elmi assosiasiyasının üzvü, Dr.Sabrin Ali Azim, eləcə də Gülnarə Əzizova, Gülnarə Daşdəmirova, Rəna Rəhimova və Ellada Hüseynovadır. Tədqiqat işinin ideya müəllifi Mahirə Əmirovadır.
Araşdırmada qeyd edilir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 27 sentyabr 2020-ci tarixində Ermənistanın cəbhəboyu hücumlarına əks-hücumla cavab verib. Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən 44 günlük müharibədə 3 minə yaxın hərbi qulluqçunun həlak olduğu, 13 min nəfərin yaralandığı, yaralıların əksəriyyətinin indiyədək reabilitasiya kursu keçdiyi, bəzilərinin isə müharibənin dəhşətlərindən psixi sarsıntıya məruz qaldıqları vurğulanıb. Hazırda onların müalicəsi və normal həyata qayıdışının təmin olunması üçün həkimlərin var gücləri ilə çalışdıqları, müxtəlif üsullardan, yeni yanaşmalardan istifadə etdikləri nəzərə çatdırılıb.
Alimlərimiz qeyd edib ki, müharibə başa çatsa da, informasiya savaşı hələ bitməyib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, o cümlədən tibb sahəsində çalışan soydaşlarımız Qarabağ həqiqətlərinin beynəlxalq ictimayyətin diqqətinə çatdırmasında fəal iştirak edirlər. Tibb mütəxəssislərinin 44 günlük müharibə dönəmində haqqın və ədalətin yanında olması Vətənə bağlılığın, Ordumuza, şəhidlərimizə və qazilərimizə olan sonsuz minnətdarlıq hissinin təzahürüdür.