...

Bursa şəhərində Qafqaz islam Ordusundan və Türk Dünyasının çağdaş dövründən danışılıb

17.09.2021

Türkiyənin Bursa şəhərində Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə “1918–2021: Qafqaz İslam Ordusu və bugünkü Türk Dünyası’’ mövzusunda konfrans keçirilib.

“Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan Deyincə’’ Dərnəyinin (GİM AZDER) təşkilatçılığı ilə baş tutan tədbirdə Bursanın Osmanqazi rayon bələdiyyəsinin mədəniyyət şöbəsinin, Dünya Şairlər, Ozanlar və Yazarlar Dərnəyinin, Antalya–Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin, İstanbul–Azərbaycan Dostluq Dərnəyinin, Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı Uluzlararası Sənayeçi və İş Adamları Dərnəyinin (CİM ULSİAD), “Vəfa” Uluslararası İş Adamları Həmrəylik Dərnəyinin, Art Hobbi Dərnəyinin və digər qurumların rəhbərləri və təmsilçiləri, Bursada yaşayan azərbaycanlılar iştirak ediblər.

Konfrans Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, Qafqaz İslam Ordusunun, Azərbaycanın və Türk Dünyasının şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbiri giriş sözü ilə açan GİM AZDER-in sədri Hüseyn Vəliyev 1918-ci il 15 sentyabr tarixinin ölkələrimiz üçün böyük əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edib, “Gün var – əsrə bədəl, dedim” şeirini oxuyub.

Konfransın moderatoru, Qərbi Trakiya Federasiyasının qurucusu, araşdrmaçı-yazar Özkan Hüseyin Qafqaz İslam Ordusunun 1918–1920-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri qətliamlara son verən fəaliyyətindən danışıb. Daha sonra məruzəçilər – Kahramanmaraş Sütçü İmam Universitetinin politologiya və beynəlxalq münasibətlər bölümünün dekanı, professor Toğrul İsmayıla və sabiq millət vəkili Faruk Anbarcıoğlu çıxış edib.

Məruzəçilər Türk Dünyasının son minillik tarixi, 1918-ci ildə imperialist qüvvələrin Qafqazda yürütdükləri siyasi oyunlar barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, Qafqaz İslam Ordusu imperialist güclərin dəstəklədikləri erməni daşnaklarının Azərbaycanda törətdikləri qətliamlara son verilməsi məqsədilə yaradılıb. Bu müqəddəs amalın gerçəkləşdirilməsində Ənvər və Nuri Paşaların xidmətləri danılmazdır. Azərbaycanın müasir dövrədək keçdiyi tarixi yola bir daha nəzər salınıb, zəngin tarixə, mədəniyyətə sahib olduğu vurğulanıb. Bursa Şairləri Dərnəyinin ərsəyə gətirdiyi “Bir şəhid, bir hekayə, bir şeir” kitabı təqdim olunub və bu kitabdan şeirlər oxunub.

Konfrans Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinə töhfələr vermiş tədbir iştirakçılarının mükafatlandırılması ilə başa çatıb.