...

Balaca idmançılarımız beynəlxalq turnirdə uğur qazanıb

16.09.2021

Birləşmiş Ərəb Əmirliyində yaşayan 8 yaşlı Yasin Dadaşov və 11 yaşlı İbrahim Məmmədov ölkəmizi Əbu-Dabi şəhərində keçirilən Ciu-citsu üzrə Beynəlxalq Uşaq Çempionatında uğurla təmsil ediblər.

27 kq çəki dərəcəsində boz kəmərlə yarışa qatılan və Azərbaycan bayrağı altında döyüşən Yasin ilk görüşlərdə braziliyalı və suriyalı rəqibləri Enzo Palmanı və Kamal Sameanı, finalda isə suriyalı Yassien Abu El Soudu məğlub edərək qızıl medal qazanıb. 30 kg çəki dərəcəsində mübarizə aparan İbrahim isə yarışda 3-cü yeri tutaraq bürünc medal qazanıb. Fəxri kürsünün birinci və üçüncü pilləsinə yüksələn gənc idmançılarımız Azərbaycanı təmsil etməkdən və Vətənimizin bayrağını ucaltmaqdan böyük qürur hissi keçirdiklərini bildiriblər.

Qeyd edək ki, Yasin Dadaşov 2013-cü ildə Bakı şəhərində anadan olub. 2017-ci ildən BƏƏ-də yaşayır. 2018-ci ildən Ciu-citsu idman növü ilə məşğul olur. Dəfələrlə BƏƏ-də və Azərbaycanda beynəlxalq yarışlarda müxtəlif medallarla təltif olunub. İbrahimin atası Fərid Məmmədov isə Ciu-citsu idman növü üzrə mavi kəmər sahibidir.

Diasporla İş üzrə Dövlət Komitəsi kiçik yaşlı idmançılarımızı və valideynlərini təbrik edir, onlara təhsildə və idman sahəsində davamlı uğurlar qazanmağı arzulayır.