...

London şəhərində “Xarı bülbül” kikboks turniri təşkil edilib

14.09.2021

Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, kikboksinq üzrə dünya çempionu Hafiz Baxşəliyevin təşkilatçılığı ilə London şəhərində “Xarı bülbül” kikboksinq turniri keçirilib.

Yarışda İngiltərə, İtaliya, Çin, Portuqaliya, Braziliya, Fələstin və digər ölkələrin 28 idmançısı gücünü sınayıb. Son iki döyüşdə Britaniya çempionu titulu uğrunda mübarizə gedib. Turnir zamanı zaldakı monitorlarda II Qarabağ müharibəsinin rəmzi olan “Xarı bülbül”ün loqosu nümayiş etdirilib.

“2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Londonda təşkil etdiyimiz turnirdə Azərbaycan idmançıları da iştirak etdilər. Təəssüf ki, bu dəfə pandemiya səbəbindən azərbaycanlı idmançılar turnirə qatıla bilmədi. Mənim üçün əsas qürurverici məqam turnirin II Qarabağ müharibəsinin rəmzi olan “Xarı Bülbül” adı altında keçirilməsi və loqonun yarış zamanı monitorlarda sərgilənməsi idi”,- deyə bir neçə ildir idman yarışlarının təşkili ilə məşğul olan Hafiz Baxşəliyev bildirib.

Qeyd edək ki, H.Baxşəliyev 2009-cu ildən Londonda yaşayır. İngiltərədə keçirilən nüfuzlu idman yarışlarına fəxri qonaq qismində qatılan soydaşımız Azərbaycan və Qarabağ həqiqətlərinin təbliğinə həsr olunmuş diaspor tədbirlərində fəal iştirak edir.