...

Estoniyadakı Azərbaycan Evində soydaşlarımızla görüş olub

14.09.2021

Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Estoniyada yaşayan azərbaycanlılarla görüş keçirilib.

Ölkəmizin Estoniyadakı səfirliyinin təşəbbüsü ilə baş tutan görüşdə xaricdə yaşayan həmvətənlərimizin tarixi vətənlərinin milli maraq və mənafeyininin qorunması istiqamətində gördükləri işə nəzər salınıb, həyata keçirilən fəaliyyətin önəmi vurğulanıb.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin, erməni vandalizminin dünya, o cümlədən Estoniya ictimaiyyətinə çatdırılması üçün diasporumuzun birlik və həmrəylik nümayiş etdirdiyi, fədakarlıq göstərdiyi xüsusilə qeyd ediblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı parlaq Qələbənin dünya azərbaycanlılarına böyük sevinc bəxş etdiyini vurğulayan tədbir iştirakçıları hazırda informasiya savaşında fəallıq göstərməyin, ermənilərin və onların havadarlarının uydurmalarının və saxta xəbərlərinin qarşısının alınmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar. Görüşdə Azərbaycanla Estoniya arasında mövcud dostluq əlaqələrinin gələcək inkişaf perspektivlərindən söhbət açılıb, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün Estoniyada yaşayan azərbaycanlıların yerli cəmiyyətə sıx inteqrasiyasının, ardıcıl və sistemli fəaliyyətinin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan Evi ilə birgə tədbirlərinin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.