...

Daşkənddəki diaspor təşkilatımız Özbəkistandakı bayram tədbirində iştirak edib

13.09.2021

Daşkənddə fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Özbəkistanın dövlət müstəqilliyinin bərqərar olmasının 30 illiyinə həsr olunmuş bayram tədbirində ölkəmizi təmsil edib.

Paytaxtdakı milli mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə baş tutan tədbirdə RAMMM üçün ayrılmış guşədə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini əks etdirən kitablar, suvenirlər, milli mətbəx nümunələri nümayiş olunub. Tədbir iştirakçıları qarşısında çıxış edən RAMMM-nin sədri Firdovsi Hüseynov özbək xalqını bu tarixi nailiyyət münasibəti ilə təbrik edib, ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasının 30 illiyinin tamam olduğunu xatırladan mərkəz rəhbəri bildirib ki, xalqımız bu mühüm tarixi bayramı böyük qürur hissi ilə qeyd edir. Çünki bir il öncə Azərbaycan əzəli Qarabağ torpaqlarını böyük qəhrəmanlıqla Ermənistanın işğalından azad edib və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə nail olub. Mərkəz sədri erməni vandallarının 30 ilə yaxın davam edən işğal dönəmində bu ərazilərdə törətdikləri hərbi, ekoloji və mənəvi cinayətlərə də diqqət cəlb edib.

Bayram tədbiri müxtəlif xalqlara məxsus musiqi və rəqslərin nümayişi ilə davam edib. Azərbaycanın qədim el havalarını diasporumuzun fəal üzvü İlham Abdullayev sazda məharətlə ifa edib.

Qeyd edək ki, təntənəli bayram mərasimində Daşkənd vilayətinin hakimi Davron Xidoyatov, Nazirlər Kabineti nəzdində Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustam Kurbanov, dövlət qurumlarının rəhbərləri, paytaxtda fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin başçıları və üzvləri iştirak ediblər.