...

Xarkovdakı “Dostluq” mədəni-tədris mərkəzi yeni təhsil ilinə başlayıb

08.09.2021

Ukrayna Azərbaycanlıları Radasının (UAR) kollektiv üzvü, Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan mədəni-tədris mərkəzi öz qapılarını 21-ci dəfə Azərbaycan dilini, tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənmək istəyən müdavimlərinin üzünə açıb.

Yerli ictimaiyyətin və azərbaycanlı icmasının nümayəndələrinin qatıldıqları təntənəli açılış mərasimi Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə “Dostluq” cəmiyyətinin idarə heyətinin sədri Murad Ömərov, şəhər şurasının ictimai birliklərlə iş üzrə departamentinin direktoru Nikita Sterin, UAR-ın baş katibi Ceyhun Məmmədov, aparat rəhbəri Elşad İbrahimov və başqaları çıxış ediblər. Onlar yeni dərs ilinin başlanması münasibətilə müdavimləri, müəllimləri, valideynləri təbrik ediblər və onlara uğurlar arzulayıblar. UAR-ın həmsədrləri Oleq Krapivin və Hikmət Cavadovun salamları tədbir iştirakçılarına çatdırılıb, ölkənin və xalqın güclənməsinin yolunun elmə mükəmməl şəkildə yiyələnməkdən keçdiyi vurğulanıb. UAR-ın aparat rəhbəri Elşad İbrahimov müdavimlərə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Ukraynada yaşayan azərbaycanlılar üçün dərc olunmuş dərslikləri, Nikita Sterin isə Xarkov haqqında kitabları “Dostluq” mədəni-tədris mərkəzinə təqdim edib.

Tədbirin xüsusi qonağı, yeniyetmələr arasında boks üzrə Avropa çempionu, Xarkovdakı “Atom” idman klubunun yetirməsi Vasif Kərimova təşəkkürnamə və hədiyyələr təqdim edilib. Layiqli övlad və idmançı yetişdirdiklərinə görə idmançının valideynlərinə- Knyaz Kərimov və Zümrüd Kərimovaya, məşqçisi Oleq İvankoya minnətdarlıq edilib.

Sonra “Dostluq” mərkəzinin 2020–2021-ci tədris ili üzrə fəaliyyətinin parlaq epizodlarından ibarət slayd-şou nümayiş etdirilib. Təhsildə və ictimai həyatda fəallıqlarına görə mərkəzin müdavimlərinə fəxri fərmanlar təqdim edilib.

Tədbir dərs ilinin başlanmasının göstəricisi olan ilk zəngin çalınması ilə yekunlaşıb.