...

Moldovadakı Azərbaycanlılar Konqresinin birillik hesabatı verilib

06.09.2021

Kişinev şəhərində Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) 2020–2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

“Time” mehmanxanasının konfrans zalında baş tutan tədbirdə Moldova Respublikası parlamentinin vitse-spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının fraksiya sədri Mixail Popşoy, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Rusiya Federasiyası və Belarus Respublikası səfirliklərinin I katibləri Dmitri Korşunov və Dmitri Zorin, Moldovanın millətlərarası münasibətlər bürosunun direktor əvəzi Vera Petuxov, Qaqauz icmasının sədri Nikolay Terzi, MAK üzvləri və digər diasporların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə MAK sədri Elçin Bayramov açıb. Bildirib ki, hazırda Moldovada müxtəlif sahələrdə uğur qazanmış 5000-ə yaxın azərbaycanlı yaşayır. 2002-ci ildə soydaşlarımızın vətəndaş hüquqlarının həyata keçirilməsi, sosial-mədəni inkişafı üçün birləşdirmək, Azərbaycanın milli adət-ənənələrini, mədəni irsini və dilini qorumaq məqsədilə yaradılmış Moldova Azərbaycanlıları Konqresi 2020-ci ildə yenidən təşkil edilib. Hazırda diaspor təşkilatı üzvlərinin 80%-nin Moldova Respublikasında doğulan Azərbaycan əsilli gənclərdən ibarət olduğuna diqqət cəlb edilib. İl ərzində mühüm milli və tarixi bayramlara həsr olunmuş 25-dən çox tədbirin, 5 xeyriyyə marafonunun təşkil edildiyi, pandemiyanın ağır dönəmində çətin duruma düşmüş soydaşlarımıza mənəvi və maddi dəstəyin göstərildiyi nəzərə çatdırılıb. MAK-ın yaxın gələcəkdə həftəsonu məktəbi, müxtəlif dərnəklər və faydalı emalatxanalar açmağı planlaşdırdığı vurğulanıb. “Bu addımlar Azərbaycanın mədəni və tarixi ənənələrinin Moldovadakı gənc nəslə ötürülməsinə kömək edəcək. Ümid edirəm ki, 2021-2022-ci illər MAK üçün daha bir yüksəliş və firavanlıq ili olacaq”, - deyə Elçin Bayramov qeyd edib.

Tədbirdə Güdsi Osmanov, Mixail Popşoy, Vera Petuxov, Nikolay Terzi, Maarif Rəhimov və başqaları çıxış ediblər. Onlar Azərbaycan diasporunun göstərdiyi fəaliyyəti yüksək qiymətləndiriblər, Moldovanın ictimai-siyasi və humanitar sahələrinə töhfə verdiklərinə, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasına, 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birlik və həmrəylik nümayiş etdirdiklərinə görə həmvətənlərimizə minnətdarlıqlarını bildiriblər. Soydaşlarımıza qarşıdan gələn seçkilərdə çoxlu sayda namizədlərlə iştirak etmək tövsiyə edilib.

“Çox şadam ki, keçən il bu qədər gənc Konqres Şurasına üzv oldu. Bizi məyus etmədikləri, əksinə hərəkətləri ilə bizi qürurlandırdıqları üçün daha çox sevinirəm”, - deyə MAK-ın yaranmasında böyük əməyi olan Maarif Rəhimov söyləyib. Azərbaycana səfəri zamanı azad olunmuş bəzi bölgələrimizdə olduğunu, orada yenidənqurma və quruculuq işlərinin aparıldığını gördüyünü əlavə edən soydaşımız mədəniyyət paytaxtı Şuşa şəhərindən gətirdiyi bir ovuc torpağı və orada dalğalandırdığı Moldova bayrağını MAK sədrinə təqdim etməklə tədbir iştirakçılarını duyğulandırıb.

Videobağlantı ilə tədbirə qoşulan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Milli Məclisin deputatları – Azərbaycan və Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rüfət Quliyev və Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin üzvü Sabir Rüstəmxanlı MAK-ın illik fəaliyyəti ilə bağlı müsbət fikirlərini söyləyiblər və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir göstərdikləri fəallığa görə 30-dan çox diaspor üzvünə fəxri diplomların təqdim olunması ilə yekunlaşıb.