...

Azərbaycan diasporunun təşkilatçılığı ilə Tokioda xəbər saytı təsis edilib

04.09.2021

Azərbaycan diaspor fəallarının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun və ölkəmizin yapon dostlarının dəstəyilə sentyabr ayının 1-dən Tokio şəhərində “Ajmedia.jp” xəbər saytı fəaliyyətə başlayıb.
İki dost xalq arasında əməkdaşlığa töhfələr vermək məqsədilə yaradılan saytda məlumatlar Azərbaycan, yapon və ingilis dillərində yayılacaq. Saytın yaradıcıları əmindirlər ki, Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, mətbəxinin, müasir inkişafının təbliği Yaponiyada və dünyada doğma vətənimizə marağın daha da artmasına və turist axınına təkan verəcək.
Saytın baş redaktoru Akira Matsunaqa bildirib ki, fəaliyyətləri ilə Yaponiyada və ətraf ölkələrdə yaşayan azərbaycanlıların birliyinin və həmrəyliyinin gücləndirilməsinə, ictimai-siyasi fəallığı ilə tanınan soydaşlarımızın cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə, digər türkdilli xalqların əməkdaşlığının inkişafına töhfə vermək niyyətindədirlər. Xəbər portalının qədim türk mədəniyyətinin və müasir incəsənətinin təbliğinə informasiya dəstəyi verəcəyi diqqətə çatdırılıb.
Baş redaktor söyləyib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri Yaponiyadır. Qısa zaman kəsiyində ölkəmizlə sıx dostluq münasibətləri quran rəsmi Tokio Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini daim dəstəkləyib. Azərbaycanın təşəbbüsü ilə Yaponiya Cənubi Qafqaz regionunda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə yaxından iştirak edib. Dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində informasiya mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan baş redaktor bildirib ki, xalqlarımız arasında yeni körpü rolunu oynayacaq xəbər portalının yaradılması məhz bu amala xidmət edir.