İsrailin yeni təyin olunmuş naziri ilə videogörüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail Dövlətinin Diaspor İşləri üzrə yeni təyin olunmuş naziri Nachman Shai (Naxman Şey) ilə video-bağlantı formatında görüşüb. Komitə sədri Nachman Shaini (Naxman Şey) yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, ona işlərində müvəffəqiyyətlər arzu edib. Daha sonra İsrail dövləti və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışılıb və qeyd edilib ki, möhkəm tərəfdaşlığın ən mühüm səbəblərindən biri Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında dostluq münasibətləridir.
Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladıb və diqqətə çatdırıb ki, Azərbaycanda tolerantlıq ənənələri, ölkəmizdə yaşayan etnik və dini icmalar arasındakı möhkəm dostluq və qardaşlıq, müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əminamanlıq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir.
Nachman Shai (Naxman Şey) səmimi təbriklərə görə Komitə sədrinə təşəkkür edib, Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini, iki xalqın dostluq münasibətlərinin daimi olacağına inamını ifadə edib.
Nazir əlavə edib ki, Azərbaycana səfər etmək, ölkəmizi daha yaxından tanımaq, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, ortaq layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi imkanlarını müzakirə etmək niyyətindədir.