...

Azərbaycan diaspor təşkilatı media sahəsində əlaqələrini genişləndirir

27.08.2021

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Ukraynanın əməkdar jurnalisti, “Faktlar və şərhlər” (Фа́кты и коммента́рии) nəşrinin təsisçisi və baş redaktoru Aleksandr Yefimoviçlə görüşüb.
Nəşrin redaksiyasında keçirilən görüşdə diaspor fəaliyyətində medianın yeri və rolu müzakirə edilib. “Biz sizi sadəcə media rəhbəri kimi yox, eləcə də vətənpərvər bir ictimai-siyasi xadim kimi tanıyırıq. Reallaşdırdığınız sosial layihələr deməyə əsas verir ki, bununla xalqlarımızın inteqrasiyası işinə də dəstək verirsiniz”, - fikirlərini səsləndirən baş katib bu sahədə birgə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Azərbaycan-Ukrayna əlaqələrinin inkişaf etdiyini, bunun əhəmiyyətli olduğunu qeyd edən tanınmış jurnalist bundan mənmun qaldığını ifadə edib. “Biz peşəkarcasına və sistemli bir yol xəritəsi hazırlamalıyıq. Sistemli görülən işlər hər zaman daha effektiv və uğurlu nəticələr verir”, - deyən baş redaktor davamlılığın və stabilliyin bu xüsusda əsas məsələ olduğunu xatırladıb.
Sonda ukraynalı baş redaktor Ukrayna Azərbaycanlıları Radasına gələcək fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibəti ilə təbrikini çatdırıb.